DÖT layihələrində risk idarəçiliyi layihənin texniki, maliyyə və institusional uğurunun əsas şərtlərindən biri hesab olunur. Bu, yalnız potensial təhlükələri müəyyənləşdirmək və onların nəticələrini azaltmaq prosesi deyil, həm də tərəflər arasında məsuliyyət bölgüsünün ən optimal şəkildə qurulmasına yönəlik strateji yanaşmadır. DÖT modelinin mahiyyəti ondan ibarətdir ki, risklər kim tərəfindən daha səmərəli idarə edilə bilərsə, həmin tərəfə ötürülməlidir. Bu prinsip nə risklərin tam şəkildə özəl tərəfə verilməsi, nə də dövlətin bütün məsuliyyəti üzərinə götürməsi deməkdir. Optimal bölgü layihənin iqtisadi səmərəliliyini, davamlılığını və xidmət keyfiyyətini müəyyən edən əsas amildir.
Risk idarəçiliyi layihənin bütün həyat dövrü ərzində davam edən ardıcıl prosesdir. Layihənin ilkin konsepsiyasının formalaşdırılmasından etibarən risklərin sistemli şəkildə müəyyənləşdirilməsi, təsnifatlandırılması, qiymətləndirilməsi və sonda müqavilə sənədlərinə daxil edilməsi tələb olunur. Risklərin sənədlərdə dəqiq şəkildə əks olunmaması gələcəkdə mübahisələrə, əlavə xərclərə, gecikmələrə və xidmət səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Buna görə də layihələrdə risklərin hüquqi cəhətdən təsbit edilməsi, onların monitorinqini təmin edən mexanizmlərin yaradılması və dövri olaraq yenidən qiymətləndirilməsi vacibdir.
Aşağıda DÖT layihələrində ən çox rast gəlinən risk növləri onların mahiyyəti və idarə olunma prinsipləri ilə birlikdə təqdim edilir.
1.Tikinti Riski
Tikinti riski layihənin inşası mərhələsində yaranan bütün potensial problemləri əhatə edir. Buraya tikinti işlərinin gecikməsi, layihənin gözləniləndən yüksək büdcə ilə tamamlanması, işlərin müəyyən edilmiş keyfiyyət standartlarına uyğun olmaması və texniki nasazlıqlar daxildir. Bu risk müəyyən mənada infrastruktur layihələrinin ən böyük və ən mürəkkəb risklərindən biridir. Tikinti prosesinə bilavasitə özəl sektorun nəzarət etdiyi nəzərə alınaraq, bu risk adətən özəl tərəf tərəfindən daha səmərəli şəkildə idarə olunur. Özəl tərəf həm podratçı seçiminə, həm də tikinti texnologiyalarına məsul olduğu üçün bu riskin onların üzərinə ötürülməsi məntiqi və iqtisadi cəhətdən əsaslı hesab edilir.
2.Maliyyə Riski
Maliyyə riski layihənin maliyyələşməsi ilə bağlı olan qeyri-müəyyənlikləri əhatə edir. Faiz dərəcələrinin artması, kredit şərtlərinin sərtləşməsi, valyuta məzənnəsində dəyişikliklər və inflyasiya kimi amillər layihənin maliyyə strukturuna birbaşa təsir göstərir. Maliyyə bazarlarında baş verən dəyişikliklər özəl tərəfin kapital cəlb etmə imkanlarını məhdudlaşdıra bilər. Bu səbəbdən maliyyə riski çox vaxt özəl sektorun üzərinə qoyulur. Lakin makroiqtisadi stabilliyin zəif olduğu ölkələrdə dövlət müəyyən zəmanətlər verə və ya riskin bir hissəsini öz üzərinə götürə bilər. Bu, layihənin investisiya cəlbediciliyini artırmaq üçün zəruri mexanizm hesab olunur.
3.Əməliyyat Riski
Əməliyyat riski layihə istifadəyə verildikdən sonra xidmətin təmin edilməsində və obyektin idarə olunmasında yaranan bütün riskləri özündə birləşdirir. Buraya avadanlıqların sıradan çıxması, texniki xidmətin düzgün aparılmaması, xidmət səviyyəsinin standartlara cavab verməməsi, kadr çatışmazlığı və əməliyyat xərclərinin proqnozdan yüksək olması daxildir. Əməliyyat riski tipik olaraq özəl sektor tərəfindən daha yaxşı idarə oluna bilər, çünki özəl tərəf həm təcrübəyə, həm texniki resurslara, həm də xidmət idarəçiliyinə dair müvafiq struktur və kompetensiyalara malikdir.
4.Tələb (Demand) Riski
Tələb riski DÖT layihələri üçün ən kritik risklərdən biridir. Bu risk istifadəçi səviyyəsinin gözlənilən proqnozdan aşağı olması nəticəsində layihənin gəlirlərinin azalmasını ifadə edir. Nəqliyyat, enerji, telekommunikasiya kimi kommersiya yönümlü layihələrdə tələb riski adətən özəl sektor tərəfindən idarə olunur, çünki gəlirin formalaşması əsasən istifadəçi tələbinə bağlıdır. Lakin sosial yönümlü layihələrdə – məsələn, xəstəxanalar, məktəblər və sosial xidmət obyektlərində – tələb riski çox vaxt dövlətin üzərinə götürülür. Bunun səbəbi belə layihələrin sosial mahiyyətinin kommersiya risklərindən üstün tutulmasıdır.
5.Hüquqi və Tənzimləyici Risklər
Hüquqi və tənzimləyici risklər qanunvericilikdə baş verən dəyişikliklər, yeni normativ tələblərin tətbiqi, dövlət siyasətində dəyişikliklər və tənzimləyici orqanların qərarları ilə bağlı yaranan qeyri-müəyyənlikləri əhatə edir. Bu risk infrastruktur layihələrinin planlaşdırılması və icrası zamanı nəzərə alınmalı ən vacib amillərdən biridir. Normativ mühitin dəyişdirilməsi dövlətin səlahiyyəti daxilində olduğuna görə, hüquqi və tənzimləyici risklərin dövlət tərəfindən idarə edilməsi daha məqsədəuyğundur. Bu yanaşma özəl tərəf üçün daha sabit investisiya mühiti yaradır və layihənin uzunmüddətli davamlılığını təmin edir.

