Dövlət-özəl tərəfdaşlığı (DÖT/PPP) çərçivəsində həyata keçirilən infrastruktur və xidmət layihələrinin maliyyə dayanıqlığının təmin edilməsi, dövlətin uzunmüddətli öhdəliklərinin səmərəli idarə olunması və özəl tərəfdaşın investisiya maraqlarının qorunması məqsədilə ödəniş mexanizmlərinin və gəlir rejiminin düzgün müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Hər iki mexanizm dövlətin fiskal siyasətinin tələblərinə, xidmət keyfiyyətinə dair standartlara və layihənin iqtisadi effektivliyinə dair prinsiplərə uyğun formalaşdırılmalıdır.
- Gəlir mənbələrinin mahiyyəti
Gəlir mənbələri, DÖT layihəsində özəl tərəfdaşın gəlirinin hansı mənbədən formalaşacağını müəyyən edən əsas iqtisadi çərçivədir. Bu çərçivə dövlətin xidmət üzrə tənzimləmə siyasətinin, tarif strukturunun və layihənin sosial-iqtisadi xarakterinin nəzərə alınması ilə müəyyən edilir.
1.1. İstifadəçi Ödənişləri Modeli ( User-Pay)
Bu modeldə gəlir xidmət və ya infrastrukturu istifadə edən fiziki və hüquqi şəxslərin ödədiyi haqlar hesabına formalaşır.
Səciyyəvi sahələr:
• nəqliyyat infrastrukturu (ödənişli yollar, körpülər),
• parkinq xidmətləri,
• liman və aeroport xidmət haqları,
• su təchizatı və kommunal xidmətlər.
Bu modeldə tələb riski əsasən özəl tərəfin üzərinə düşür. Tarif siyasətinin sosial baxımdan əsaslandırılması və iqtisadi cəhətdən dayanıqlı qurulması dövlətin tənzimləmə öhdəliyidir.
1.2. Dövlət Ödənişləri Modeli (Government-Pay)
Bu modeldə özəl tərəfin gəliri dövlət tərəfindən göstərilən xidmətin mövcudluğu və keyfiyyətinə uyğun olaraq həyata keçirilən ödənişlərlə təmin edilir.
Tətbiq sahələri:
• təhsil və səhiyyə infrastrukturu,
• sosial xidmət obyektləri,
• laboratoriya və diaqnostika mərkəzləri,
• ekologiya və tullantı idarəetmə kompleksləri.
Bu modeldə tələb riskinin dövlətin üzərində qalmasını təmin edir və layihənin maliyyələşdirilməsini asanlaşdırır.
1.3. Hibrid Gəlir Modelləri
Tələb riskinin yüksək olduğu hallarda istifadəçi ödənişləri ilə dövlət ödənişləri birlikdə tətbiq edilə bilər.
Hibrid yanaşmalara aşağıdakılar daxildir:
• minimum gəlir zəmanətləri,
• gəlirin tavan və döşəmə mexanizmləri,
• dövlət subsidiyaları və əlavə ödəmələri.
Bu model risklərin balanslaşdırılması və layihənin maliyyə sabitliyinin təmin edilməsi baxımından səmərəli hesab edilir.
- Ödəniş Mexanizminin Strukturu
Ödəniş mexanizmi layihə çərçivəsində özəl tərəfə ödənişlərin hansı şərtlərlə və hansı əsaslar üzrə həyata keçiriləcəyini müəyyən edən texniki-hüquqi sistemdir. Bu mexanizmin düzgün formalaşdırılması nəticə əsaslı xidmətin tətbiqinə, xidmət keyfiyyətinə nəzarətin gücləndirilməsinə və dövlətin uzunmüddətli maliyyə öhdəliklərinin proqnozlaşdırıla bilməsinə şərait yaradır. Ödəniş mexanizminin strukturunu təşkil edən əsas komponentlər aşağıdakılardır:
2.1. Mövcudluq Ödənişləri (Availability Payments)
Mövcudluq ödənişləri özəl tərəfin infrastrukturun fasiləsiz və müqavilə üzrə tələb olunan səviyyədə hazır vəziyyətdə saxlanmasına görə aldığı ödənişdir.
Mexanizmin əsas xüsusiyyətləri:
• xidmət dayandıqda və ya infrastrukturun hər hansı hissəsi yararsız olduqda ödəniş azalır;
• keyfiyyət və təhlükəsizlik standartları təmin edilməlidir;
• ödəniş sabit və proqnozlaşdırılandır.
2.2. Performans Əsaslı Ödənişlər
Bu mexanizmdə ödənişlər fəaliyyət nəticələrinə uyğun olaraq həyata keçirilir.
Performans indikatorlarına aşağıdakılar daxil ola bilər:
• texniki xidmətin vaxtında göstərilməsi,
• şəbəkənin və ya obyektin xidmət səviyyəsi,
• reaksiyanın müddəti,
• sanitariya və təhlükəsizlik standartları.
Standartlardan kənarlaşma olduqda ödənişlər müvafiq faizlə azaldılır.
2.3. İstifadəçi Ödənişi Mexanizmi
Xidmət istifadəçilərinin ödənişləri əsasında formalaşan mexanizm nəqliyyat, şəhərsalma və kommunal xidmətlərdə daha geniş tətbiq olunur.
Tariflərin indeksləşdirilməsi, sosial həssas qrupların qorunması və tənzimləmə çərçivəsinin müəyyən edilməsi dövlətin öhdəlikləri sırasına daxildir.
2.4. Hibrid Ödəniş Mexanizmləri
Hibrid mexanizmlər müxtəlif ödəniş mənbələrinin birgə tətbiqini nəzərdə tutur. Bu yanaşma risklərin optimal bölüşdürülməsi və fiskal öhdəliklərin idarə olunması baxımından dövlət üçün daha səmərəli ola bilər.
- Dövlət üçün əsas prinsiplər
Ödəniş mexanizmlərinin formalaşdırılması zamanı dövlət aşağıdakı institusional prinsiplərə əməl etməlidir:
• ödəniş mexanizmlərinin sadə və şəffaf olması;
• performans indikatorlarının ölçülə bilən və müqavilədə dəqiq təsbit edilməsi;
• fiskal öhdəliklərin proqnozlaşdırılması və idarə edilməsinin təmin olunması;
• risklərin “ən yaxşı idarə edə bilən tərəf” prinsipi ilə bölüşdürülməsi;
• sosial təsirlərin nəzərə alınması və tarif siyasətinin balanslı şəkildə qurulması;
• hüquqi və tənzimləyici uyğunluğun təmin edilməsi;
• layihənin maliyyə cəlbediciliyinin təmin edilməsi.

