PMO.AZ Dövlət–Özəl Tərəfdaşlığı (DÖT/PPP) üzrə APMG tərəfindən Akkreditasiya Statusunu Əldə Etdi

PMO.AZ Layihə Düşüncə Məktəbi Dövlət–Özəl Tərəfdaşlığı (PPP / Public–Private Partnership) istiqaməti üzrə APMG International Accredited Training Organization (ATO) statusunu əldə etmişdir. Bu status PMO.AZ-i region miqyasında Dövlət–özəl tərəfdaşlığı sahəsində ilk və yeganə beynəlxalq akkreditə olunmuş təlim təşkilatı kimi mövqeləndirir.

Akkreditasiya, PMO.AZ-ın Dövlət–Özəl Tərəfdaşlığı (DÖT/PPP) sahəsində tədris metodologiyalarının, akademik məzmununun və institusional idarəetmə yanaşmasının beynəlxalq keyfiyyət və etibarlılıq tələblərinə tam uyğunluğunu təsdiq edir. Bu nailiyyət, xüsusilə dövlət–özəl tərəfdaşlığının ölkənin sosial-iqtisadi inkişafında strateji alət kimi önə çıxdığı bir mərhələdə, Dövlət–Özəl Tərəfdaşlığı üzrə strukturlaşdırılmış biliklərin və peşəkar kompetensiyaların formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

PMO.AZ-in yanaşması PPP-ni yalnız layihə maliyyələşdirmə mexanizmi kimi deyil, institusional inkişaf, fiskal dayanıqlıq və uzunmüddətli ictimai dəyərin yaradılması üçün kompleks idarəetmə modeli kimi təqdim edir. Bu çərçivədə fəaliyyət aşağıdakı istiqamətləri əhatə edir:

  • PPP üzrə beynəlxalq standart və çərçivələrin sistemli tətbiqi,
  • qabaqcıl qlobal təcrübələrin milli və regional kontekstə elmi əsaslarla uyğunlaşdırılması,
  • dövlət və özəl sektor üçün peşəkar insan kapitalının formalaşdırılması,
  • institusional dialoqun və əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi.

Bu ildən etibarən PMO.AZ Dövlət–Özəl Tərəfdaşlığı sahəsində fəaliyyətini daha geniş strateji müstəviyə daşımağı hədəfləyir.Qarşıya qoyulan məqsəd dayanıqlı infrastruktur təşəbbüslərinin təşviqi, risklərin balanslaşdırılmış bölgüsü və etimada əsaslanan tərəfdaşlıq mühitinin formalaşdırılmasıdır.

Bu çərçivədə PMO.AZ Layihə Düşüncə Məktəbinin Dövlət–Özəl Tərəfdaşlığı (DÖT/PPP) üzrə fəaliyyəti təlim və konsaltinq komponentlərini özündə birləşdirən inteqrə olunmuş institusional model əsasında həyata keçiriləcək. Təlim proqramları Dövlət–Özəl Tərəfdaşlığı layihələrinin bütün həyat dövrünü əhatə edən nəzəri və tətbiqi biliklərin sistemli şəkildə ötürülməsinə yönəldiləcək, konsaltinq fəaliyyəti isə bu biliklərin konkret layihələr və təşkilati proseslər çərçivəsində praktik tətbiqini təmin edəcək.

Sözügedən model vasitəsilə Dövlət–Özəl Tərəfdaşlığı sahəsində yalnız fərdi səviyyədə peşəkar kompetensiyaların deyil, eyni zamanda institusional potensialın, normativ yanaşmaların və qərarqəbuletmə mexanizmlərinin gücləndirilməsi hədəflənir. PMO.AZ bu yanaşma ilə dövlət və özəl sektor arasında sistemli, şəffaf və uzunmüddətli əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına, eləcə də dayanıqlı və ölçülə bilən sosial-iqtisadi nəticələrin əldə olunmasına töhfə verməyi qarşıya məqsəd qoyur.