
İnfrastrukturun inkişafı, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və özəl sektorun innovasiya potensialından səmərəli istifadə olunması məqsədilə Dövlət-Özəl Tərəfdaşlığı (PPP) mexanizmləri bütün dünyada strateji əhəmiyyət kəsb edən idarəetmə alətlərindən birinə çevrilmişdir. Son illərdə hökumətlər artan maliyyə tələbləri, büdcə məhdudiyyətləri və davamlı inkişaf məqsədləri fonunda Dövlət-Özəl Tərəfdaşlığı modellərinə daha çox üstünlük verməyə başlamışdır.
Lakin beynəlxalq təcrübə göstərir ki, Dövlət-Özəl Tərəfdaşlığı layihələrinin uğuru yalnız hüquqi çərçivənin və ya maliyyə modelinin düzgün qurulmasından asılı deyil. Uğurun əsas amillərindən biri layihələri hazırlayan, strukturlaşdıran və idarə edən peşəkarların kompetensiyalarıdır. Məhz buna görə də Dövlət-Özəl Tərəfdaşlığı sahəsində fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının davamlı inkişaf etdirilməsi müasir dövrdə strateji zərurət hesab olunur.
Dövlət-Özəl Tərəfdaşlığı ekosisteminin inkişafına töhfə verən aparıcı beynəlxalq təşkilatlardan biri olan Dünya Dövlət-Özəl Tərəfdaşlığı Peşəkarları Assosiasiyası (WAPPP) tərəfindən təqdim olunan yanaşmaya əsasən, uğurlu PPP liderləri on əsas kompetensiya istiqamətində bilik və bacarıqlara malik olmalıdırlar.
- Siyasi və strateji düşüncə
Dövlət-Özəl Tərəfdaşlığı layihələri yalnız iqtisadi deyil, eyni zamanda siyasi əhəmiyyət daşıyan təşəbbüslərdir. İnfrastruktur layihələri uzunmüddətli öhdəliklər yaratdığı üçün hökumətlərin prioritetləri, siyasi dəyişikliklər və ictimai gözləntilər layihələrin nəticələrinə birbaşa təsir göstərir.
Peşəkar Dövlət-Özəl Tərəfdaşlığı lideri siyasi mühiti düzgün təhlil etməyi, maraqlı tərəflərin gözləntilərini anlamağı və layihələrin dövlət siyasəti ilə uyğunluğunu təmin etməyi bacarmalıdır. Siyasi qərarvericilərlə effektiv kommunikasiya qurmaq və layihənin sosial-iqtisadi faydalarını aydın şəkildə təqdim etmək bu kompetensiyanın əsas elementləridir.
- Dövlət siyasəti və dövlət-özəl tərəfdaşlığı çərçivələri üzrə ekspertiza
Dövlət-Özəl Tərəfdaşlığı layihələri ayrı-ayrı layihələr deyil, ölkənin ümumi inkişaf strategiyasının tərkib hissəsidir. Buna görə də Dövlət-Özəl Tərəfdaşlığı liderləri milli inkişaf proqramları və dövlət investisiya planları haqqında geniş məlumata malik olmalıdırlar.
Beynəlxalq təcrübə göstərir ki, güclü Dövlət-Özəl Tərəfdaşlığı qanunvericiliyi, institusional çərçivə və standartlaşdırılmış prosedurlar investor etimadını artırır və layihələrin uğur ehtimalını yüksəldir.
- Texniki savadlılıq və çoxşaxəli baxış bucağı
Müasir Dövlət-Özəl Tərəfdaşlığı layihələri nəqliyyat, su təsərrüfatı, səhiyyə, təhsil və rəqəmsal infrastruktur kimi müxtəlif sektorlarda həyata keçirilir. Hər bir sektorun özünəməxsus texniki xüsusiyyətləri mövcuddur.
Dövlət-Özəl Tərəfdaşlığı liderinin mühəndis olması vacib deyil. Lakin o, texniki qərarların maliyyə və əməliyyat nəticələrinə təsirini anlamalı, texniki ekspertlərlə effektiv işləyə bilməli və layihənin texniki əsaslandırılmasını qiymətləndirməyi bacarmalıdır.
- Maliyyə və İnvestisiya Bacarıqları
Dövlət-Özəl Tərəfdaşlığı layihələrinin mərkəzində maliyyə dayanıqlılığı dayanır. Layihənin kommersiya cəlbediciliyi, maliyyə risklərinin idarə edilməsi və investor marağının formalaşdırılması peşəkar maliyyə bilikləri tələb edir. Dövlət-Özəl Tərəfdaşlığı mütəxəssisləri layihə maliyyələşdirilməsi, maliyyə modelləşdirilməsi, risk təhlili və dövlət zəmanətləri üzrə biliklərə malik olmalıdırlar.Bu kompetensiya dövlət və özəl sektor arasında optimal risk bölgüsünün formalaşdırılmasında mühüm rol oynayır.
- Hüquqi və Müqavilə İdarəetmə Bacarıqları
Dövlət-Özəl Tərəfdaşlığı müqavilələri adətən 20-30 il və ya daha uzun müddət üçün bağlanır. Bu müddət ərzində iqtisadi, texnoloji və siyasi dəyişikliklər baş verir. Peşəkar Dövlət-Özəl Tərəfdaşlığı lideri müqavilə strukturlarını, risk bölgüsü mexanizmlərini, dəyişikliklərin idarə edilməsini, mübahisələrin həlli prosedurlarını və beynəlxalq Dövlət-Özəl Tərəfdaşlığı praktikasında tətbiq olunan hüquqi mexanizmləri başa düşməlidir. Uğurlu Dövlət-Özəl Tərəfdaşlığı layihələrinin əsas xüsusiyyətlərindən biri müqavilələrin balanslı və davamlı olmasıdır.
- Ətraf Mühit və Sosial Təsirlərin İdarə Edilməsi
Müasir dövrdə Dövlət-Özəl Tərəfdaşlığı layihələrinin uğuru yalnız maliyyə göstəriciləri ilə ölçülmür. Layihələrin sosial və ekoloji təsirləri də eyni dərəcədə vacib hesab olunur. IFC Performance Standards, Dünya Bankının Environmental and Social Framework (ESF) standartları və digər beynəlxalq yanaşmalar layihələrin dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunu təmin edir. Dövlət-Özəl Tərəfdaşlığı liderləri maraqlı tərəflərlə effektiv əməkdaşlıq qurmalı, sosial riskləri idarə etməli və ətraf mühitə təsirlərin minimuma endirilməsi üçün strateji yanaşmalar tətbiq etməlidirlər.
- Dövlət Satınalmaları və Tender Proseslərinin İdarə Edilməsi
Şəffaf və rəqabətli satınalma mexanizmləri Dövlət-Özəl Tərəfdaşlığı layihələrinin uğurunun əsas şərtlərindən biridir. Tender strategiyasının hazırlanması, qiymətləndirmə meyarlarının müəyyən edilməsi, bazar konsultasiyalarının aparılması və satınalma prosesinin idarə olunması yüksək peşəkarlıq tələb edir. Düzgün qurulmuş satınalma prosesi daha keyfiyyətli təkliflərin əldə edilməsinə və dövlət üçün daha yüksək dəyərin yaradılmasına imkan verir.
- İnvestorlarla Münasibətlərin Qurulması
İnvestorların etimadı olmadan heç bir Dövlət-Özəl Tərəfdaşlığı proqramı uğur qazana bilməz. İnvestorlar yalnız layihəyə deyil, həm də layihəni təqdim edən institusional mühitə və komandanın peşəkarlığına qiymət verirlər. Dövlət-Özəl Tərəfdaşlığı liderləri investorların gözləntilərini anlamağı, bazarla davamlı dialoq qurmağı və ölkənin investisiya potensialını effektiv şəkildə təqdim etməyi bacarmalıdırlar. Bu sahədə formalaşan reputasiya gələcək layihələrin uğuruna birbaşa təsir göstərir.
- Kommunikasiya və İctimaiyyətlə Əlaqələr
Dövlət-Özəl Tərəfdaşlığı layihələri cəmiyyətin həyatına birbaşa təsir göstərən təşəbbüslərdir. Bu səbəbdən ictimai etimadın formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Peşəkar Dövlət-Özəl Tərəfdaşlığı lideri media ilə işləməyi, ictimai məlumatlandırma kampaniyaları həyata keçirməyi, maraqlı tərəflərlə dialoq qurmağı və layihələrin sosial faydalarını düzgün şəkildə təqdim etməyi bacarmalıdır. Effektiv kommunikasiya layihələrin qəbul olunmasını və ictimai dəstəyin formalaşmasını sürətləndirir.
- Layihə İdarəetməsi və Liderlik
Dövlət-Özəl Tərəfdaşlığı layihələri çoxsaylı maraqlı tərəflərin iştirak etdiyi mürəkkəb təşəbbüslərdir. Layihənin hazırlanmasından maliyyə bağlanışına, tikinti mərhələsindən istismar dövrünə qədər bütün proseslər effektiv koordinasiya tələb edir. Bu səbəbdən layihə idarəetməsi PPP liderinin əsas kompetensiyalarından biri hesab olunur. Vaxtın idarə edilməsi, resursların koordinasiyası, risklərin monitorinqi və nəticəyönümlü liderlik uğurlu layihələrin təməlini təşkil edir.
