
Dövlət-özəl tərəfşdalığı layihələrinin uğurunda mühüm rol oynayan məsələlərdən biri də şəffaflıqdır. Müzakirə zamanı qeyd olunub ki, Dövlət-özəl tərəfdaşlığı layihəsinə olan etimadı ən sürətli şəkildə zəiflədən amillərdən biri qərarların qəbulunda qeyri-şəffaflıq təsəvvürünün yaranmasıdır.
Xüsusilə özəl investorlar arasında hər hansı üstünlükvermə və ya qeyri-rəsmi razılaşmalarla bağlı şübhələrin formalaşması şikayətlərə, ictimai müzakirələrə və hətta hüquqi mübahisələrə səbəb ola bilər.
Bu baxımdan şəffaflıq yalnız ümumi prinsip kimi elan edilməməli, layihənin bütün mərhələlərində qəbul edilən qərarlarda öz əksini tapmalıdır.
A. İlkin kvalifikasiya: sadəlik və yoxlanıla bilən meyarlar
İlkin kvalifikasiya – Request for Qualification (RfQ) mərhələsində əsas məsələlərdən biri iştirakçıların qiymətləndirilməsi üçün aydın və obyektiv meyarların müəyyən edilməsidir.
Müzakirə zamanı qeyd olunub ki, Dövlət-özəl tərəfşdalığı layihələri üzrə məsləhətçilər bir sıra hallarda ciddi və ölçülə bilən tələblərin müəyyən edilməsini tövsiyə edirlər. Məsələn:
- içməli su sistemlərinin idarə edilməsində ən azı 5 illik təcrübə və həmin sistemlərin ən azı 2 milyon nəfərə xidmət göstərməsi;
- ən azı 300 milyon ABŞ dolları həcmində xalis aktivlərə malik olmaq.
Belə tələblər müəyyən hallarda yerli şirkətlərin iştirak imkanlarını məhdudlaşdıra və narazılıqlara səbəb ola bilər. Bununla belə, obyektiv və əvvəlcədən müəyyən edilmiş kəmiyyət meyarlarının tətbiqi subyektiv qiymətləndirmə ilə müqayisədə daha asan yoxlanıla və hüquqi baxımdan daha əsaslandırılmış şəkildə sənədləşdirilə bilər.
B. Tender mərhələsi: qiymətləndirmədə aydınlıq və açıqlıq
Request for Proposals (RfP) mərhələsində də şəffaflıq mühüm əhəmiyyət daşıyır.
Standart və texniki həllərin əvvəlcədən məlum olduğu, innovasiya imkanlarının məhdud olduğu layihələrdə qiymətin əsas və ya yeganə qiymətləndirmə meyarı kimi tətbiq edilməsi mümkün yanaşmalardan biridir.
Belə hallarda təklif olunan qiymətlərin açıq şəkildə elan edilməsi tender prosesinə olan etimadı artırmağa və iştirakçılar arasında mümkün mübahisələrin qarşısını almağa xidmət edə bilər.
Məsələn, Özbəkistanda elektrik enerjisi layihələrindən biri üzrə təklif olunan elektrik enerjisi qiymətlərinin əks olunduğu zərflərin açılış mərasiminin canlı yayımlanması prosesin ictimaiyyət üçün daha açıq olmasına nümunə kimi qeyd edilib.
C. Qeyri-standart layihələrdə qiymətləndirmə necə dəyişir?
Bununla belə, bütün Dövlət-özəl tərəfşdalığı layihələrində yalnız qiymət meyarına əsaslanmaq mümkün olmaya bilər.
Müasir Dövlət-özəl tərəfşdalığı layihələrinin bir qismi – xüsusilə hava limanları, xəstəxanalar və digər mürəkkəb infrastruktur layihələri – iştirakçılardan yalnız qiymət deyil, həm də kompleks texniki və biznes konsepsiyaları təqdim etməyi tələb edir.
Belə layihələrdə iştirakçılar layihələndirmə, istismar modeli və risklərin idarə edilməsi üzrə fərqli yanaşmalar təklif edə bilərlər. Bu səbəbdən yalnız qiymətə əsaslanan qiymətləndirmə bütün təkliflər arasındakı keyfiyyət və yanaşma fərqlərini əks etdirməyə bilər.
Bu hallarda qarışıq qiymətləndirmə sistemindən istifadə edilə bilər. Texniki təkliflər ya “uyğundur/uyğun deyil” (pass/fail) prinsipi ilə qiymətləndirilə, ya da əvvəlcədən müəyyən edilmiş çəkilər əsasında ballandırıla bilər.
Belə yanaşma daha mürəkkəb qiymətləndirmə prosesi tələb etsə də, keyfiyyətli və yaxşı əsaslandırılmış həllər təqdim edən iştirakçıların təkliflərinin nəzərə alınmasına imkan yaradır.
Şəffaflığın əsas prinsipləri
Mürəkkəb qiymətləndirmə sistemlərində şikayət və mübahisə riskini tamamilə aradan qaldırmaq mümkün deyil. Xüsusilə subyektiv qiymətləndirmə elementləri mövcud olduqda müəyyən risklər qalır.
Lakin belə hallarda əsas məsələ ardıcıllıq, düzgün sənədləşdirmə və qaydaların əvvəlcədən bütün iştirakçılara aydın şəkildə izah edilməsidir.
Dövlət-özəl tərəfşdalığı layihələrində şəffaflıq yalnız məlumatların açıq paylaşılması demək deyil. Şəffaflıq həm də qərarların hansı meyarlar əsasında qəbul edildiyinin əvvəlcədən müəyyənləşdirilməsi, bütün iştirakçılara eyni qaydaların tətbiqi və prosesin hər mərhələsinin əsaslandırılmış şəkildə sənədləşdirilməsidir.
Bu yanaşma həm dövlətin, həm investorların, həm də digər maraqlı tərəflərin prosesə olan etimadının qorunmasına xidmət edir.
