Dövlət-Özəl Tərəfdaşlığı modeli klassik dövlət satınalmalarından fərqli olaraq yalnız tikinti və ya xidmət göstərilməsini deyil, layihənin bütün həyat dövrü üzrə risklərin, məsuliyyətlərin və gəlirlərin bölüşdürülməsini nəzərdə tutur. DÖT müqavilələri adətən 15–30 il müddətinə bağlanır və bu müddət ərzində iqtisadi, hüquqi, texnoloji və institusional mühitdə ciddi dəyişikliklər baş verir. Belə dəyişikliklər müqavilə balansını poza, tərəflərin gözləntiləri ilə real icra arasında uyğunsuzluq yarada və nəticədə mübahisələrə səbəb ola bilər. Buna görə DÖT layihələrində mübahisələr təsadüfi və istisna hal kimi deyil, layihənin ayrılmaz risk komponenti kimi qiymətləndirilməlidir.
- Dövlət-Özəl Tərəfdaşlığı Layihələrində Mübahisələrin Mahiyyəti və Xüsusiyyətləri
DÖT layihələrində mübahisələrin mahiyyəti onların həm hüquqi, həm də kommersiya xarakterli olmasındadır. Bu mübahisələr təkcə müqavilə maddələrinin pozulması ilə məhdudlaşmır, eyni zamanda risk bölgüsünün yenidən şərhi, maliyyə balansının dəyişməsi, performans göstəricilərinin ölçülməsi və dövlətin tənzimləyici səlahiyyətlərindən irəli gələn məsələləri əhatə edir. Mübahisələr çox vaxt texniki, maliyyə və hüquqi aspektlərin kəsişməsində yaranır ki, bu da onların həllini daha da mürəkkəbləşdirir.
DÖT layihələrində mübahisələrin əsas səbəbləri sırasında müqavilə şərtlərinin qeyri-dəqiq formalaşdırılması, risklərin yanlış bölüşdürülməsi, layihə gecikmələri, xərclərin artması, qanunvericilikdə dəyişikliklər, force majeure hallar və dövlət orqanlarının institusional qərarları xüsusi yer tutur. Bu mübahisələrin hər biri layihənin icrasını ləngidə, maliyyə xərclərini artıra və tərəflər arasında etimadı zəiflədə bilər.
2. Mübahisələrin Həlli Mexanizmləri: Arbitraj və Milli Məhkəmələr
DÖT layihələrində mübahisələrin həlli üçün əsasən iki hüquqi mexanizmdən istifadə olunur: arbitraj və milli məhkəmələr. Hər iki mexanizm hüquqi baxımdan legitim olsa da, onların DÖT layihələri üçün uyğunluğu müxtəlif amillərdən asılıdır.
Arbitraj, tərəflərin razılaşması əsasında formalaşan və məhkəmədənkənar mübahisə həlli mexanizmi kimi, xüsusilə beynəlxalq elementli DÖT layihələrində geniş yayılmışdır. Arbitrajın əsas üstünlüyü onun neytrallığıdır. Özəl investorlar çox vaxt dövlət tərəfinin milli məhkəmələrində proses aparmağı riskli hesab edir və arbitrajı daha balanslı platforma kimi görürlər. Bundan əlavə, arbitrajda tərəflər mübahisəni həll edəcək arbitratorların seçilməsində iştirak edir və bu arbitratorların infrastruktur, maliyyə və DÖT sahəsində ixtisaslaşmış mütəxəssislər olması mümkündür. Arbitrajın məxfiliyi isə kommersiya sirrlərinin və dövlət-özəl münasibətlərinin qorunması baxımından əhəmiyyətlidir.
Bununla yanaşı, arbitrajın müəyyən çatışmazlıqları da mövcuddur. Arbitraj prosesləri çox vaxt yüksək xərc tələb edir və mürəkkəb DÖT mübahisələrində prosesin müddəti uzana bilər. Həmçinin arbitraj qərarlarına qarşı apellyasiya imkanlarının məhdud olması bəzi hallarda risk yarada bilər. Dövlət tərəfi üçün isə arbitrajın məxfiliyi ictimai hesabatlılıq və şəffaflıq prinsipləri ilə ziddiyyət təşkil edə bilər.
Milli məhkəmələr isə dövlətin hüquq sisteminin tərkib hissəsi olaraq hüquqi presedentlərə, sabit prosedurlara və məcburi icra mexanizmlərinə malikdir. Milli məhkəmələr xüsusilə inzibati hüquq elementləri olan mübahisələrdə, məsələn, lisenziyaların verilməsi, icazələrin ləğvi və ya tənzimləyici qərarlarla bağlı məsələlərdə daha uyğun platforma ola bilər. Bununla belə, milli məhkəmələr DÖT layihələrinin texniki və maliyyə mürəkkəbliyini hər zaman dərindən qiymətləndirə bilmir, proseslərin uzun çəkməsi isə layihənin davamlı icrasına mənfi təsir göstərə bilər. Bundan əlavə, transsərhəd icra məsələləri milli məhkəmə qərarlarının effektivliyini məhdudlaşdıra bilər.
3.Arbitraj və Milli Məhkəmələrin Seçimində Strateji Yanaşma
DÖT layihələrində hansı mübahisə həlli mexanizminin seçilməsi layihənin maliyyə strukturu, tərəflərin tərkibi və risk profili ilə birbaşa əlaqəlidir. Beynəlxalq maliyyə institutlarının və xarici investorların iştirak etdiyi layihələrdə arbitraj adətən maliyyələşdirilə bilənlik üçün əsas şərt kimi çıxış edir. Tamamilə yerli tərəflər arasında bağlanan və aktivləri ölkə daxilində yerləşən layihələrdə isə milli məhkəmələr daha praktik seçim ola bilər. Akademik və praktik yanaşmalarda optimal model kimi çox vaxt pilləli mübahisə həlli mexanizmi tövsiyə olunur: əvvəl danışıqlar, sonra texniki ekspertiza və yalnız son mərhələdə arbitraj və ya məhkəmə.
4. Müqavilə İdarəetməsinin Mübahisələrin Qarşısının Alınmasında Rolu
DÖT layihələrində mübahisələrin effektiv idarə olunmasında müqavilə idarəetməsi əsas strateji alət kimi çıxış edir. Güclü müqavilə idarəetməsi yalnız mübahisə yarandıqda deyil, mübahisənin yaranmasının qarşısını almaqda həlledici rol oynayır. Aydın risk bölgüsü, dəyişikliklərin idarə olunması mexanizmləri, performans ölçmə sistemləri və erkən xəbərdarlıq mexanizmləri mübahisələrin erkən mərhələdə aşkar edilməsinə və həllinə imkan yaradır.
Müqavilə idarəetməsi həmçinin mübahisə yarandıqda tərəflərin mövqelərini hüquqi və faktiki əsaslarla dəstəkləyir. Düzgün aparılan sənədləşmə, vaxtında verilən bildirişlər, layihə qeydləri və maliyyə hesabatları mübahisənin danışıqlar yolu ilə həll edilmə ehtimalını artırır və arbitraj və ya məhkəmə mərhələsində tərəfin mövqeyini gücləndirir. Praktikada bir çox DÖT mübahisələrinin əsas səbəbi müqavilənin zəif idarə olunması və sənədləşmənin qeyri-kafi olmasıdır.
5. DÖT Mübahisələrinin İdarə Olunmasında İnstitusional Yanaşma
Effektiv mübahisə idarəetməsi üçün DÖT layihələrində institusional yanaşma vacibdir. Dövlət tərəfdə peşəkar müqavilə idarəetmə vahidlərinin yaradılması, özəl tərəfdə isə xüsusi contract və claims menecerlərinin təyin olunması mübahisə riskini əhəmiyyətli dərəcədə azaldır. Birgə idarəetmə komitələri və müstəqil monitorinq mexanizmləri isə tərəflər arasında etimadı möhkəmləndirir və problemlərin erkən mərhələdə həllinə şərait yaradır.

