Mədinə Beynəlxalq Hava Limanı: Dövlət-özəl tərəfdaşlığı vasitəsilə hava limanının inkişafı

Səudiyyə Ərəbistanında Mədinə Beynəlxalq Hava Limanının inkişafı dövlət-özəl tərəfdaşlığının uğurlu tətbiqinə nümunə olan layihələrdən biridir.

2007-ci ildə hava limanının illik sərnişin tutumu 5 milyon nəfərə yaxınlaşmışdı. Artan sərnişin tələbatını qarşılamaq və hava limanının infrastrukturunu müasirləşdirmək üçün Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi (GACA) özəl sektorun layihəyə cəlb edilməsinə qərar verdi.

Bunun üçün Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) iştirakı ilə rəqabətli tender keçirildi. Tenderin nəticəsində 2011-ci ildə layihənin konsessiyası Türkiyənin TAV Airports və Səudiyyə Ərəbistanının Al Rajhi Holding Group şirkətlərindən ibarət konsorsiuma verildi.

Tərəflər arasında razılaşmaya əsasən layihə 25 illik Build-Operate-Transfer (BOT) modeli ilə həyata keçirilməli idi. Yəni özəl tərəfdaş hava limanına investisiya qoymalı, yeni terminal tikməli, mövcud infrastrukturu inkişaf etdirməli və müəyyən müddət ərzində hava limanını idarə etməli idi. Müddətin sonunda isə obyekt dövlətə təhvil verilməli idi.

Konsorsium layihəyə 1,4 milyard ABŞ dolları investisiya yatıraraq hava limanının illik sərnişin tutumunu 5 milyondan 8 milyon nəfərə çatdırmağı planlaşdırdı.

Burada dövlətin rolu isə tamamilə aradan qalxmadı. GACA tənzimləyici qurum kimi fəaliyyətini davam etdirdi və hava hərəkətinin idarə edilməsi kimi əsas funksiyalar üzərində nəzarəti saxladı. Beləliklə, özəl sektor maliyyələşdirmə, tikinti və əməliyyat imkanlarını təmin etdi, dövlət isə tənzimləmə və nəzarət funksiyalarını qorudu.

Layihənin digər mühüm istiqaməti hava limanının gəlir strukturunun dəyişdirilməsi idi. 2013-cü ildə gəlirlərin 90%-i aviasiya fəaliyyətlərindən əldə olunurdu. Konsorsium qeyri-aviasiya gəlirlərini, məsələn, kommersiya və digər xidmətlərdən əldə olunan gəlirləri artırmaqla bu asılılığı azaltmağı hədəflədi.

Nəticədə Mədinə hava limanı nümunəsi göstərir ki, DÖT modeli vasitəsilə dövlət böyük infrastruktur layihəsi üçün özəl sektorun maliyyə və idarəetmə imkanlarından istifadə edə, eyni zamanda strateji tənzimləmə funksiyalarını özündə saxlaya bilər.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Scroll to Top