
APMG International Dünya Bankı və digər çoxtərəfli inkişaf bankları (MDB) ilə əməkdaşlıq çərçivəsində Dövlət-özəl tərəfdaşlığı üzrə Sertifikatlı Peşəkar (CP³P) proqramının və müvafiq Bələdçinin yenilənmiş versiyasını təqdim edib.
İlk dəfə 2016-cı ildə bu sahədə qlobal miqyasda ilk təşəbbüs kimi istifadəyə verilən CP³P proqramı Afrika İnkişaf Bankı (AfDB), Asiya İnkişaf Bankı (ADB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Amerikalararası İnkişaf Bankı (IDB), İslam İnkişaf Bankı (IsDB), Dövlət-özəl İnfrastruktur Məsləhət Qrupu (PPIAF) və Dünya Bankı Qrupunun (WBG) misilsiz əməkdaşlığı əsasında hazırlanıb.
Bu əməkdaşlıq dövlət-özəl tərəfdaşlığı sahəsində bilik və təcrübənin vahid beynəlxalq standartının formalaşdırılmasına imkan yaradıb. Nəticədə, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən mütəxəssislər üçün ardıcıl, yüksək keyfiyyətli metodoloji rəhbərliyin ödənişsiz əlçatanlığı təmin olunub.
Qlobal infrastruktur çağırışlarının sürətlə dəyişdiyi hazırkı dövrdə bu standartın yenilənməsi və daha da gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Yenilənməyə nə üçün ehtiyac yarandı?
Dövlət-özəl tərəfdaşlığı modelləri qlobal çağırışlara uyğun olaraq sürətlə inkişaf edir. İqlim dəyişikliyi, sosial inklüzivlik və dayanıqlı inkişaf artıq əlavə prioritetlər deyil, infrastruktur layihələrinin planlaşdırılması və həyata keçirilməsində əsas tələblərdir.
Dünyanın müxtəlif ölkələrində hökumətlər və özəl sektor tərəfdaşları dayanıqlı, inklüziv və vəsaitin səmərəliliyini təmin edən infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı artan tələblərlə üzləşirlər. Yenilənmiş Bələdçi dövlət-özəl tərəfdaşlığı mütəxəssislərinin bu tələblərə cavab verməsi üçün zəruri bilik və metodoloji vasitələrlə təmin olunmasını hədəfləyir.
Yenilənmiş Bələdçidə əsas dəyişikliklər
Yenilənmiş Dövlət-özəl tərəfdaşlığı Bələdçisi qlobal səviyyədə baş verən mühüm dəyişiklikləri və qabaqcıl təcrübələri əhatə etməklə bir sıra yeni yanaşmaları özündə birləşdirir:
İqlim dayanıqlılığı: Dövlət-özəl tərəfdaşlığı layihələrinin bütün həyat dövrü boyunca dayanıqlılıq və iqlim risklərinə qarşı davamlılıq məsələlərinə daha geniş yer ayrılıb. Buraya iqlim təsirlərinin qiymətləndirilməsi, risklərin təhlili və fövqəladə hallara hazırlıq planlarının hazırlanması daxildir.
Gender bərabərliyi və inklüzivlik: Gender amillərinin nəzərə alınmasına, həssas əhali qruplarının ehtiyaclarının müəyyənləşdirilməsinə və infrastruktur layihələrinin faydalarının daha ədalətli bölüşdürülməsinə xüsusi diqqət yetirilib.
Vəsaitin səmərəliliyi (Value for Money – VfM): İlkin mərhələdə qiymətləndirmə, keyfiyyət əsaslı yanaşmalar və yalnız maliyyə göstəriciləri ilə məhdudlaşmayan daha geniş qiymətləndirmə çərçivəsi üzrə metodoloji izahlar yenilənib. Bu yanaşmalar fövqəladə hallara hazırlıq və risklərin idarə edilməsi ilə də əlaqələndirilib.
Qlobal qabaqcıl təcrübələr: Müxtəlif iqtisadiyyatlarda formalaşmış yeni təcrübələr Bələdçiyə daxil edilib. Layihələrin bütün həyat dövrü üzrə planlaşdırılması, satınalma prosesləri və icrasına daha çox diqqət ayrılıb.
Strukturun təkmilləşdirilməsi: Bələdçinin strukturu daha aydın və sistemli olması üçün yenidən işlənib. Təkrarlanan məzmunun azaldılması, fəsillərin birləşdirilməsi və müqavilələrin idarə edilməsi üzrə metodoloji izahların təkmilləşdirilməsi nəticəsində Bələdçi ümumilikdə 7 fəsildən ibarət olub.
Müasir dizayn: Oxunaqlılığı, istifadənin rahatlığını və məlumatların daha aydın təqdimatını təmin etmək məqsədilə Bələdçinin dizaynı yenilənib.
Ekspertlərin fikirləri
Dünya Bankı Qrupunun İnfrastruktur, Dövlət-özəl tərəfdaşlığı və Məsləhət Xidmətləri üzrə direktoru Rudo Linda Munyengeterwa yenilənmənin əhəmiyyətini belə şərh edib:
“Demək olar ki, on il ərzində Dövlət-özəl tərəfdaşlığı Bələdçisi qlobal miqyasda potensialın artırılması istiqamətində əsas mənbələrdən biri olub və müxtəlif bazarlarda fəaliyyət göstərən mütəxəssislərə vahid, etibarlı qabaqcıl təcrübələri tətbiq etməyə kömək edib. Dünya yeni və mürəkkəb infrastruktur çağırışları ilə üzləşdiyi bir vaxtda Bələdçinin yenilənməsi həm vaxtında atılmış addım, həm də zəruri təşəbbüsdür. Bu yenilənmə dayanıqlı, ədalətli və həqiqətən vəsaitin səmərəliliyinə əsaslanan dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsi üzrə kollektiv imkanlarımızı gücləndirir. CP³P proqramının növbəti mərhələsi üzərində APMG ilə əməkdaşlıq olduqca uğurlu olub və bu tərəfdaşlığın dünya miqyasında dövlət-özəl tərəfdaşlığı sahəsində peşəkarlıq standartlarını daha da yüksəltməsindən qürur duyuram.”
APMG International şirkətinin baş icraçı direktoru Richard Pharro isə bildirib:
“Dünyada infrastrukturun inkişafına tələbat artmaqda davam edir və dövlət-özəl tərəfdaşlığı modelləri kapitalın cəlb edilməsi və layihələrin həyata keçirilməsi üçün artıq özünü doğrultmuş mexanizmə çevrilib. Yenilənmiş Bələdçi dövlət-özəl tərəfdaşlığı sahəsində çalışan mütəxəssislərin qarşılaşdığı müasir çağırışlara uyğunluğunu qorumaq məqsədilə dünyanın müxtəlif ölkələrinin təcrübəsini özündə birləşdirir. Yenilənmiş versiyanın hazırlanmasında iştirak edən mütəxəssislər öz bilik və təcrübələrini səxavətlə bölüşüblər.”
Yenilənmə nə üçün məhz indi vacibdir?
İnfrastruktur investisiyaları iqtisadi bərpanın və dayanıqlı iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən biridir. İqlim risklərinin artdığı, sosial bərabərliyə və inklüziv inkişafa qlobal diqqətin gücləndiyi bir şəraitdə dövlət-özəl tərəfdaşlığı sahəsində çalışan mütəxəssislərin müasir reallıqları əks etdirən metodoloji rəhbərliyə çıxışı xüsusi əhəmiyyət kəsb edir.
Yenilənmiş CP³P proqramı və Dövlət-özəl tərəfdaşlığı Bələdçisi dayanıqlılıq, inklüzivlik və yaradılan dəyər prinsiplərini əsas götürərək bu sahədə beynəlxalq peşəkar standartların inkişafına töhfə verməyi hədəfləyir.
PMO.az APMG International tərəfindən Dünya Bankı və digər çoxtərəfli inkişaf bankları ilə əməkdaşlıq çərçivəsində yenilənmiş CP³P proqramının Bələdçisinin və tədris materiallarının Azərbaycan dilinə tərcüməsini tamamlayıb.
Yenilənmiş materiallar iqlim dayanıqlılığı, gender inklüzivliyi, vəsaitin səmərəliliyi (VfM) və dövlət-özəl tərəfdaşlığı layihələrinin bütün həyat dövrü üzrə idarə edilməsi kimi müasir istiqamətləri əhatə edir.
Dövlət-özəl tərəfdaşlığı sahəsində biliklərinizi beynəlxalq standartlara uyğun inkişaf etdirmək və CP³P sertifikatına hazırlaşmaq istəyirsiniz?
CP³P təlim proqramları haqqında ətraflı məlumat əldə etmək üçün PMO.az ilə əlaqə saxlayın!
