
Dövlət-özəl tərəfdaşlığı modeli bütün dövlət infrastruktur layihələrinin satınalma ehtiyaclarını həll edən universal mexanizm və ya panaseya hesab edilməməlidir. Bu model, düzgün strukturlaşdırıldığı və həyata keçirildiyi təqdirdə, infrastruktur aktivlərinin səmərəli şəkildə yaradılmasına və təqdim edilməsinə imkan verən alternativ satınalma mexanizmidir. Dövlət-özəl tərəfdaşlığı ənənəvi satınalma modelinə alternativ təqdim etməklə yanaşı, dövlət maliyyəsi üzərindəki yükü də azalda bilər. Lakin modelin düzgün strukturlaşdırılmaması və tətbiq edilməməsi onun əsas məqsədi olan vəsaitin səmərəliliyinin (Value for Money) təmin olunmasına mane ola bilər.
Dövlət-özəl tərəfdaşlığı layihələrinin mürəkkəbliyi və uzunmüddətli xarakteri nəzərə alınaraq, ölkənin institusional yetkinlik səviyyəsi və ümumi fəaliyyət mühiti bu layihələrin nəticələrinə dünyanın müxtəlif regionlarında fərqli dərəcələrdə təsir göstərir.
Fəaliyyət mühitində müəyyən əsas amillərin mövcudluğu və ya olmaması layihələrin xərclərinin nəzərdə tutulan həddi aşmasına, bunun nəticəsində dövlət üçün mənfi maliyyə təsirlərinin yaranmasına, icra müddətlərinin uzanmasına və hətta layihələrin ləğv edilməsinə səbəb ola bilər. Bu baxımdan, dövlət-özəl tərəfdaşlığı layihələrinin hazırlanması və həyata keçirilməsi zamanı bir sıra amillər nəzərə alınmalıdır. Həmin amilləri ümumilikdə iqtisadi, siyasi və icra ilə bağlı amillər olmaqla üç əsas qrupa ayırmaq mümkündür.
1. İqtisadi amillər
Məsuliyyət və risklərin tərəflər arasında qeyri-mütənasib bölüşdürülməsi
Risklər müvafiq tərəfin onları qəbul etmək istəyinə, habelə effektiv idarə etmək qabiliyyətinə uyğun olaraq bölüşdürülməlidir. Risklərdən yayınmaq məqsədilə onların müvafiq riski effektiv şəkildə idarə etmək imkanına malik olmayan tərəfə ötürülməsi düzgün yanaşma deyil. Belə yanaşma layihənin xərclərinin artmasına və qarşısı alına bilən gecikmələrə səbəb ola bilər.
Məsələn, torpaq sahələrinin əldə edilməsi və tikinti üçün zəruri keçid hüquqlarının təmin edilməsi ilə bağlı məsuliyyətin özəl sektora həvalə edilməsi layihənin gecikməsinə, hətta uğursuzluğa düçar olmasına gətirib çıxara bilər. Əsas məqsəd dövlət və özəl sektor arasında hər iki tərəfin maraqlarına cavab verən, qarşılıqlı faydalı əməkdaşlıq mühitinin yaradılması olmalıdır.
Tələb riskinin özəl sektorun üzərinə qoyulduğu halda xidmət qiymətinin dövlət sektoru tərəfindən müəyyən edilməsi
Dövlət sektoru tələb və ya gəlir riskini öz üzərinə götürmədiyi xidmətlər üzrə qiymətləri birtərəfli qaydada müəyyən etməməlidir. Bununla belə, müəyyən xərclərin qarşılanması və tələb riskinin bölüşdürülməsi məqsədilə dövlət subsidiyaları kimi alternativ mexanizmlərdən istifadə edildiyi hallar istisna təşkil edə bilər.
Belə yanaşma hədəflənən pul vəsaitlərinin hərəkəti, tələb olunan gəlirlilik səviyyəsi və layihənin arzuolunan iqtisadi səmərəliliyini təmin etmək üçün zəruri olan xidmət qiyməti arasında ciddi uyğunsuzluq yaradır. Əhəmiyyətli riskləri qəbul edən özəl sektorun həmin risklərin idarə olunması üçün müvafiq qərarvermə və nəzarət imkanlarına malik olması gözlənilir. Tələb riski layihənin xüsusiyyətlərindən asılı olaraq dəyişsə də, özəl sektorun iştirakını stimullaşdırmaq üçün əsaslandırılmış və etibarlı gəlir axınının mövcudluğu vacibdir.
Tələb riskinin idarə edilməsində dövlət və özəl sektorun əməkdaşlığa əsaslanan yanaşması tətbiq oluna bilər. Bu, həm özəl sektorun kommersiya maraqlarının, həm də dövlət sektorunun dövlət siyasətindən irəli gələn məqsədlərinin təmin edilməsinə imkan yaradır.
Müvafiq hallarda gəlirlərin təmin edilməsi məqsədilə off-take (məhsulun və ya xidmətin alınması, yaxud onun üçün ödəniş edilməsi öhdəliyini nəzərdə tutan) müqavilələr bağlana bilər.
Tələb və gəlir proqnozlarının həddindən artıq optimist olması
Aktivdən istifadə səviyyəsinə dair tələb proqnozlarının həddindən artıq optimist hazırlanması, adətən, qeyri-real inkişaf və gəlir gözləntilərinin formalaşmasına səbəb olur. Nəticədə gəlirlərin proqnozlaşdırılan səviyyədən aşağı olması, kredit öhdəliklərinin yerinə yetirilməməsi və çəkilmiş xərclərin qarşılanması məqsədilə təqdim edilən xidmətlərin qiymətinin artırılması zərurəti yarana bilər.
Layihə xərclərinin artması
Layihə xərclərinin düzgün hesablanmaması onların sonradan artmasına və nəticə etibarilə layihənin iqtisadi cəhətdən səmərəsiz hala gəlməsinə səbəb ola bilər. Bu isə göstərilən xidmətlərin qiymətinin artırılması və konsessiya müddətinin uzadılması ilə bağlı potensial müraciətlərin irəli sürülməsi ilə nəticələnə bilər.
2. Siyasi amillər
Siyasi mühitin kifayət qədər düzgün qiymətləndirilməməsi
Siyasi dövrlərin, siyasət dəyişikliklərinin mümkün təsirlərinin və layihəni dəstəkləyən dövlət rəsmilərində baş verə biləcək dəyişikliklərin düzgün qiymətləndirilməməsi layihələrin gecikməsinə, xərclərin artmasına və hətta ləğvinə səbəb ola bilər.
Bu baxımdan, dəyişən siyasi şəraitdə də həyata keçirilməsi mümkün olan və siyasi dəstəyə malik layihələrin seçilməsi vacibdir. Satınalma prosesinin siyasiləşdirilməsi və dövlətin layihəyə kifayət qədər öhdəlik nümayiş etdirməməsi layihənin uğursuzluğuna gətirib çıxaran əsas amillərdəndir.
Yaxşı formalaşmış hüquqi və tənzimləyici mühitin olmaması
Siyasət sahəsində qeyri-müəyyənlik, siyasi müdaxilələr və qanunvericilik aktlarının qəbul edilməsində yaranan gecikmələr layihələrin tamamlanması üçün ciddi çətinliklər yaradır.
Dövlət-özəl tərəfdaşlığı layihələrinin davamlı və səmərəli həyata keçirilməsi üçün mübahisələrin həlli üzrə aydın mexanizmin, sabit tənzimləyici mühitin və əlverişli hüquqi çərçivəni təmin edən dövlət-özəl tərəfdaşlığı qanunvericiliyinin mövcudluğu zəruridir.
3. İcra ilə bağlı amillər
Aydın və şəffaf satınalma prosesinin olmaması
Bəzi fərdi və konkret layihələrə uyğun olaraq təşkil edilmiş dövlət-özəl tərəfdaşlığı layihələri uğurla həyata keçirilsə də, standartlaşdırılmış, şəffaf və korrupsiyadan azad satınalma prosesinin mövcudluğu özəl sektor iştirakçıları üçün zəruri etimad və təminat mühitini yaradır.
Şəffaf satınalma prosesi, eyni zamanda, ictimaiyyətin prosesə dair şübhələrinin aradan qaldırılmasına kömək edir və dövlət rəsmilərinin prosesi təhlükə altına sala biləcək və ya tərəflərdən birinin layihədən çıxmasına, yaxud layihənin ləğvinə səbəb ola biləcək qeyri-rəsmi və sürətli həll yollarına müraciət etməsinin qarşısını alır.
Dövlət sektorunun institusional potensialının yetərsizliyi və müqavilələrin keyfiyyətsiz hazırlanması
Dövlət sektorunda fəaliyyət göstərən daxili dövlət-özəl tərəfdaşlığı komandasının institusional və peşəkar potensialının yetərli olmaması layihələrin düzgün qiymətləndirilməməsinə və qərarların qeyri-effektiv qəbul edilməsinə səbəb ola bilər.
Keyfiyyətsiz hazırlanmış müqavilələr və tələsik tərtib edilmiş sənədlər danışıqlar prosesinə mənfi təsir göstərir və bir çox hallarda dövlət sektorunu əlverişsiz mövqeyə salır. Bu səbəbdən, mühüm müqavilə sənədlərinin müvafiq sahələr üzrə ixtisaslaşmış kənar ekspertlərlə əməkdaşlıq çərçivəsində hazırlanması məqsədəuyğundur.
Müqavilələrin kifayət qədər çevik olmaması
Layihələrin uzunmüddətli və mürəkkəb xarakterini, eləcə də fəaliyyət mühitində baş verə biləcək mümkün dəyişiklikləri nəzərə almaq üçün müqavilələrdə kifayət qədər çevikliyin təmin edilməməsi layihənin uğursuzluğu ilə nəticələnə bilər.
Səriştəli özəl sektor iştirakçılarının cəlb edilməməsi
Özəl sektorun səmərəlilik üstünlükləri müvafiq fəaliyyət göstəriciləri və stimulların düzgün müəyyən edilməsindən asılıdır. Özəl sektor iştirakçıları razılaşdırılmış çərçivə daxilində layihəni həyata keçirmək və eyni zamanda vəsaitin səmərəliliyini təmin etmək qabiliyyətlərinə əsasən qiymətləndirilməlidirlər.
Dövlət-özəl tərəfdaşlığı modelinin əsas üstünlüklərindən biri özəl sektor tərəfdaşlarının yüksək səviyyəli ixtisaslaşmış bilik və təcrübəsindən, eləcə də uğurlu fəaliyyət tarixçəsindən faydalanmaq imkanıdır. Bu baxımdan, dövlət sektoru özəl sektorun marağını cəlb edəcək layihələri müəyyənləşdirmək və seçmək bacarığına malik olmalıdır. Yerli və beynəlxalq institusional və peşəkar potensialın düzgün uzlaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Hökumət tərəfindən layihələrin prioritetləşdirilməməsi
Bəzən hökumətlər uzun illər ərzində formalaşmış infrastruktur çatışmazlığı ilə üzləşdikdə, uyğun həll mexanizmi ortaya çıxdıqdan sonra mümkün qədər çox layihəni həyata keçirməyə çalışırlar.
Lakin satınalma ilə bağlı qərarlar sırf siyasi mülahizələrə deyil, ictimai xidmətlərə dair prioritet ehtiyaclara və əsaslandırılmış iqtisadi prinsiplərə əsaslanmalıdır. Bu baxımdan, xalis sosial gəlirliliyi müsbət olan layihələrə üstünlük verilməsi vacibdir.
Maraqlı tərəflərlə kifayət qədər məsləhətləşmələrin aparılmaması
Dövlət-özəl tərəfdaşlığı layihələrində maraqlı tərəflərin yalnız özəl sektor iştirakçıları və hökumətlə məhdudlaşdığını düşünmək düzgün deyil. Layihənin təsirləri ilə bağlı geniş ictimaiyyətlə erkən mərhələdə və əhatəli məsləhətləşmələrin aparılmaması layihənin icrasında gecikmələrə və ya onun ləğvinə səbəb ola bilər.
Layihələrin monitorinqinin lazımi səviyyədə həyata keçirilməməsi
Layihələrin monitorinqi özəl sektor tərəfinin fəaliyyət göstəricilərinə əməl etməsini təmin etmək və müqavilə öhdəliklərinin icrasına nəzarət etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Özəl sektor üçün hesabatvermə tələbləri aydın müəyyən edilməli və effektiv şəkildə çatdırılmalıdır. Bununla belə, infrastruktur aktivlərinin yaradılması, təqdim edilməsi və xidmətlərin keyfiyyətinə görə məsuliyyət daşıyan tərəf kimi vətəndaşlar hökuməti hesabatlı tutmaqda davam edəcəklər.
Fors-major halları
Hər iki tərəfin nəzarətindən kənarda baş verən hadisələr üzrə risklər tərəflər arasında bölüşdürülməlidir. Müharibə, böhranlar, təbii fəlakətlər və digər əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan hadisələr nəticəsində yaranan öhdəliklər dövlət və özəl sektor arasında paylaşdırılmalıdır.
Nəticə
Dövlət-özəl tərəfdaşlığı layihəsinin uğursuzluğa düçar olması nə modelin özünün yararsız olduğunu, nə də onun digər potensial dövlət layihələrində tətbiqinin vaxt itkisi olduğunu göstərir. Əksinə, bu cür hallar dövlət-özəl tərəfdaşlığı modelinin səmərəli fəaliyyət göstərməsi üçün müvafiq əlverişli mühitin yaradılmasının vacibliyini nümayiş etdirir.
Uğursuz layihələrdən müvafiq nəticələr çıxarılmalı, əldə edilmiş təcrübə və dərslər gələcək layihələrin hazırlanması və həyata keçirilməsi prosesində nəzərə alınaraq tətbiq edilməlidir. Beləliklə, düzgün formalaşdırılmış institusional, hüquqi, iqtisadi və icra mexanizmləri dövlət-özəl tərəfdaşlığı modelinin uğurla tətbiqinin və ictimai maraqlara uyğun nəticələrin əldə edilməsinin əsas şərtləridir.
