Nandipur Elektrik Layihəsi: Böyük gözləntilərlə başlayan layihə niyə uğursuz oldu?

Dövlət-özəl tərəfdaşlığı (DÖT) layihələrindən danışarkən adətən uğurla həyata keçirilmiş layihələr nümunə kimi göstərilir. Lakin uğursuz layihələr də ən azı uğurlu layihələr qədər öyrədicidir. Çünki hər bir uğursuzluq növbəti layihələrin daha düzgün planlaşdırılması, risklərin daha effektiv idarə olunması və qərarvermə mexanizmlərinin təkmilləşdirilməsi üçün dəyərli dərslər öyrədir.
Pakistanın Nandipur Power Project layihəsi bunun yaxşı nümunələrindən biridir.

425 MVt gücündə istilik elektrik stansiyasının tikintisini nəzərdə tutan layihənin əsas məqsədi Pakistanın elektrik enerjisi çatışmazlığını azaltmaq idi. Layihə üzrə Çin şirkəti Dongfang Electric ilə müqavilə imzalanmış və avadanlıqlar 2008-ci ildə satın alınmışdı. Lakin layihənin icrası planlaşdırıldığı kimi getmədi. Avadanlıqlar ölkəyə gətirildikdən sonra dövlət qurumları arasında yaranan fikir ayrılıqları ciddi gecikmələrə səbəb oldu. Avadanlıqlar təxminən iki il Karaçi limanında qaldı. Bu müddət ərzində onların bir hissəsinin zədələndiyi və əlavə təmir xərclərinin yarandığı bildirildi. Problemlər bununla da bitmədi.

Stansiyanın yerləşdiyi ərazidə layihənin normal fəaliyyəti üçün lazım olan bəzi əsas infrastruktur əvvəlcədən hazır deyildi. Elektrik şəbəkəsinə və su təchizatına bağlantıların olmaması, həmçinin logistika məsələləri layihənin icrasını daha da çətinləşdirdi. Layihənin idarə olunması ilə bağlı qərarlar da müzakirə mövzusuna çevrildi. Layihəyə rəhbərlik və texniki qərarların qəbulunda lazımi təcrübənin olmaması ilə bağlı tənqidlər səsləndirildi. Yanacaq sisteminin mövcud avadanlıqlarla uyğunlaşdırılması ilə bağlı problemlər də stansiyanın fəaliyyətinə təsir göstərdi. Nəhayət, stansiya 2014-cü ildə istifadəyə verildi. Lakin istifadəyə verildikdən cəmi beş gün sonra texniki nasazlıq səbəbindən fəaliyyətini dayandırdı.

Sonrakı dövrdə layihə ilə bağlı başqa problemlər də ortaya çıxdı. Elektrik enerjisinin istehsal xərclərinin yüksək olduğu, stansiyanın səmərəliliyinin isə gözlənilən səviyyədən aşağı qaldığı bildirildi. Yanacağın LNG-yə dəyişdirilməsindən sonra belə problemlərin tam aradan qalxmadığı qeyd edildi. Layihə ilə bağlı maliyyə şəffaflığı məsələləri də gündəmə gəldi. 2016-cı ildə yanacaq ödənişləri ilə bağlı hesab-fakturalar da daxil olmaqla bəzi ilkin maliyyə sənədlərinin məhv edildiyi barədə məlumatlar yayıldı. Bu isə layihənin tam auditinin aparılmasını çətinləşdirdi. Bəs Nandipur layihəsi bizə nə öyrədir?

Nandipur nümunəsi göstərir ki, dövlət-özəl tərəfdaşlığı layihəsində sadəcə maliyyəni tapmaq və tikintini başa çatdırmaq kifayət deyil. Layihənin uğurlu olması üçün hələ ilkin mərhələdən bir sıra məsələlər düzgün həll edilməlidir:
1.Dövlət qurumları arasında koordinasiya
2.Düzgün layihə planlaşdırması
3.Texniki hazırlıq
4.Risklərin əvvəlcədən müəyyənləşdirilməsi
5.İnfrastrukturun hazır olması və şəffaf idarəetmə.

Nandipur layihəsində bu məsələlərdən bir neçəsinin lazımi səviyyədə həll edilməməsi sonradan ciddi problemlərə və əlavə xərclərə gətirib çıxardı. Məhz buna görə dövlət-özəl tərəfdaşlığı layihələrində yalnız “Layihə tikiləcəkmi?” sualına deyil, “Layihə necə hazırlanacaq, kim tərəfindən idarə olunacaq, risklər kim tərəfindən daşınacaq və uzunmüddətli nəticə necə təmin ediləcək?” suallarına da cavab tapmaq vacibdir.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Scroll to Top