
Kanadanın Britaniya Kolumbiyası əyalətində həyata keçirilən Canada Line layihəsi dövlət-özəl tərəfdaşlığı (PPP) modelinin nəqliyyat infrastrukturunda tətbiqinə dair diqqətçəkən nümunələrdən biri hesab olunur.
Layihə Vankuver şəhər mərkəzini Vancouver International Airport və Richmond şəhəri ilə birləşdirən 19 kilometrlik avtomatlaşdırılmış yüngül rels sistemidir. Layihənin dəyəri 2003-cü ilin qiymətləri ilə təxminən 1,47 milyard ABŞ dolları təşkil edib.
Canada Line üzrə müqavilə Design-Build-Finance-Operate (DBFO) modeli əsasında imzalanıb. 2005-ci ildə layihənin icrası InTransitBC konsorsiumuna həvalə olunub və müqavilə 35 illik konsessiya müddətini əhatə edib. Özəl tərəfdaşın seçilməsi zamanı yalnız qiymət deyil, sistem dizaynı, tikinti və əməliyyat tələblərinə uyğunluq, həmçinin kommersiya və hüquqi təcrübə də nəzərə alınıb.
Layihənin əsas xüsusiyyətlərindən biri ödəniş mexanizminin performansa bağlanması olub. Hesabata əsasən, özəl tərəfdaşa edilən illik availability payment-in 70%-i nəqliyyat vasitələrinin əlçatanlığı və qrafikə uyğun işləməsi, 20%-i sərnişinlər üçün xidmət keyfiyyəti, rahatlıq və stansiyaların vəziyyəti, 10%-i isə sərnişin sayı üzrə müəyyən edilmiş göstəricilərlə əlaqələndirilib.
Layihənin hazırlanması mərhələsində Britaniya Kolumbiyası hökuməti tərəfindən geniş planlaşdırma və maliyyə modelləşdirilməsi aparılıb. Xüsusilə, Public Sector Comparator (PSC) və Value for Money (VfM) analizlərindən istifadə olunaraq PPP modelinin ənənəvi dövlət satınalması ilə müqayisədə üstünlükləri qiymətləndirilib.
Canada Line layihəsində tikinti, maliyyələşmə, istismar və texniki xidmətlə bağlı əsas risklərin böyük hissəsi özəl sektora ötürülüb. Bununla yanaşı, sərnişin sayı ilə bağlı risk tam şəkildə özəl tərəfdaşa verilməyib və yalnız məhdud hissəsi performans mexanizminə daxil edilib. Hesabat bunu dəmir yolu PPP-ləri üçün daha balanslaşdırılmış yanaşma kimi qiymətləndirir.
Layihənin nəticələri də diqqətçəkən olub. Canada Line büdcə daxilində və planlaşdırılan vaxtdan əvvəl tamamlanaraq 2010-cu il Qış Olimpiya Oyunlarından öncə istifadəyə verilib. Hesabatda layihənin təxminən üç ay əvvəl tamamlandığı, nəqliyyat sıxlığının azaldılmasına və regionun əsas iqtisadi və nəqliyyat mərkəzləri arasında əlaqənin yaxşılaşdırılmasına töhfə verdiyi qeyd olunur.
Canada Line təcrübəsi göstərir ki, PPP layihəsində uğurun əsas şərtləri yalnız özəl maliyyənin cəlb edilməsindən ibarət deyil. Erkən mərhələdə düzgün planlaşdırma, aydın risk bölgüsü, nəticəyə əsaslanan müqavilə mexanizmi, açıq satınalma prosesi və dövlət sektorunun güclü institusional nəzarəti layihənin uğurlu icrasında həlledici rol oynayır.
