PMO.az tərəfindən CP³P beynəlxalq sertifikatlaşdırma proqramının Azərbaycan dilinə tərcüməsi uğurla tamamlanıb!

PMO.az olaraq, dövlət-özəl tərəfdaşlığı (DÖT) sahəsində beynəlxalq səviyyədə tanınan CP³P (Certified Public-Private Partnerships Professional) proqramının tədris və imtahan materiallarının Azərbaycan dilinə tərcüməsini uğurla tamamladığımızı fəxrlə bildiririk!

APMG International ilə əməkdaşlıq və koordinasiya çərçivəsində həyata keçirilən bu mühüm təşəbbüs nəticəsində PPP Guide, PPP Glossary və beynəlxalq sertifikatlaşdırma imtahanına aid materiallar Azərbaycan dilinə tərcümə edilib.

Layihə çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərcümə edilmiş materialların yoxlanılması və təsdiqlənməsi prosesində iştirak edərək onların beynəlxalq standartlara və orijinal məzmuna uyğunluğunun təmin edilməsinə mühüm töhfə verib.

Böyük məmnuniyyətlə bildiririk ki, 2026-cı ilin noyabr ayından etibarən CP³P beynəlxalq sertifikatlaşdırma imtahanının Azərbaycan dilində də təqdim edilməsi nəzərdə tutulur.

Bu mühüm yenilik Azərbaycanda dövlət-özəl tərəfdaşlığı sahəsində çalışan mütəxəssislərin beynəlxalq sertifikatlaşdırma imkanlarına çıxışını genişləndirəcək, dil baryerini azaldacaq və peşəkar inkişaf üçün yeni imkanlar yaradacaq.

Layihənin əsas məqsədi ölkəmizdə dövlət-özəl tərəfdaşlığı sahəsində institusional potensialın gücləndirilməsi, beynəlxalq bilik və metodologiyaların yerli mütəxəssislər üçün əlçatanlığının artırılması, eləcə də dövlət və özəl sektor nümayəndələrinin peşəkar kompetensiyalarının inkişaf etdirilməsidir.

Bu təşəbbüsün həyata keçirilməsi Azərbaycanda DÖT layihələrinin hazırlanması, strukturlaşdırılması, maliyyələşdirilməsi, risklərin bölüşdürülməsi və idarə olunması sahəsində beynəlxalq qabaqcıl təcrübənin mənimsənilməsinə əhəmiyyətli töhfə verəcək.

Layihənin uğurla həyata keçirilməsində, tədris və imtahan materiallarının Azərbaycan dilinə tərcüməsində, eləcə də beynəlxalq tərəfdaşlarla əməkdaşlığın və koordinasiyanın təmin edilməsində göstərdiyi peşəkarlığa və dəyərli töhfələrinə görə layihə menecerimiz Turan Eyvazovaya xüsusi təşəkkürümüzü bildiririk.

Eyni zamanda, tərcümə materiallarının yoxlanılması və təsdiqlənməsi prosesində göstərdikləri dəstəyə və səmərəli əməkdaşlığa görə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) komandasına, xüsusilə Real Hacıyevə və Ülviyyə Quliyevaya, həmçinin layihənin həyata keçirilməsi müddətində göstərdiyi əməkdaşlığa görə APMG International komandasına dərin minnətdarlığımızı bildiririk.

PMO.az olaraq, bu mühüm nailiyyətin bir hissəsi olmaqdan qürur duyur, Azərbaycanda dövlət-özəl tərəfdaşlığı sahəsinin inkişafına, beynəlxalq standartların tətbiqinə və yerli mütəxəssislərin qlobal peşəkar mühitə inteqrasiyasına töhfə verməyə davam edirik.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Scroll to Top